Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:54

Mətləb Muxtarov ''Araba Sahipinden Satılıktır'' (Hekayə)


''Araba sahipinden satılıktır'' sözlərini görərkən hamımız gülərdik, uşaqdan böyüyə kimi hamı. İbrahim əmidən başqa.

O, Türkiyədən bir il idi ki gəlmişdi, ayaqlarında uzun çəkmələrlə...bizə deyərdi ki, ''Gülməyin! Düz yazılıb''.

Mən o vaxtlar dördüncü sinifdə oxuyurdum. İbrahim əmi hamı ilə mübahisə edərdi.

Biz bu maşını məhlədə,ümumiyyətlə şəhərdə ilk dəfə idi ki görürdük.

Xarici maşın idi, çox sonralar öyrəndim ki o maşın ''Citroen'' markalı maşındır.

Rəsmi dildə avtomobil.

Yiyəsi də türk idi, bunu biz elə o vaxtlar bildik, ta ki Türk bizim yanımızdan keçərkən ''Merhabalar'' deyənə kimi.

Ona qədər isə məhlədə hamı gülər və İbrahim əmi ilə mübahisə edərdi.

Bir dəfə Cəmil dayı İbrahim əmi ilə dava da edəcəkdi.

Əlimin içi kimi bilirdim ki biz ayırmayacaqdıq, eləcə durub baxacaqdıq. Amma dava olmadı. O vaxtlar dava sözü gələrkən biz elə bilirdik ki, tapança ilə, tüfənglə dava olacaq.

Axı əmim, dayım, məhlədəki kişilər, arvadlar kimisə barmaqla göstərib ''Bax bu Qarabağ davasında olub'' deyirdilər.

Televiziyada da göstərirdilər ki, Qarabağ davası topla, tüfənglə olub. Hətta qaçqın qonşumuz deyirdiki, davada "qırat"dan da istifadə edirlər.

Biz ona da gülərdik, Qırat hara, tüfəng hara... Qırat Koroğlunun atının adı idi.

Türkün iki oğlu vardı. Heç vaxt məhlədə görünməzdilər.''Qızbibi'' kimi evdən bayıra çıxmaz, pəncərədən bizim futbol oynamağımıza baxar və gülərdilər.

Söz vermişdim ki,əgər onları tək tutsam döyəcəm, məhlədəki bütün uşaqlar onların əlindən ''yanırdı''.Arvadı da başını bağlayardı.

Sonralar şəhərdə başını onun arvadı kimi bağlayan qızlar görəndə nənəmdən soruşmuşdum ki, niyə belə edirlər axı, yayın istisində başını bağlamaq çox cansıxıcıdır.

Nənəm demişdi ki,''Bu bizim dinimiz İslamın qayda-qanunlarıdır''.

Yenə də soruşmuşdum ki, bəs siz niyə bağlamırsız? Nənəm demişdi ki, ''Biz kəlağayı bağlayırıq eyni şeydi''.

''Araba sahipinden satılıktır'' elanlı maşın hər axşam eyni vaxtda məhləyə gəlirdi, səhər biz dərsə gedəndə isə axşamkı yerində olmurdu.

Səhərlər dərsə getməkdən heç xoşum gəlməzdi, amma o maşını görüm deyə tezdən oyanardım. Bir faydası da olmazdı...

Türklə İbiş əminin arası yaxşı idi. Söhbətlərindən heç nə anlamazdıq. Amma televizorda türk kanalları göstəriləndən sonra, onların söhbətlərini xatırlayıb, ayrı-ayrı sözləri anlayardım.

''Pardon'',''efendim'','' hadi bakalım''...''Hadi bakalım'' sözünə hamımız gülərdik, məhlənin ağsaqqalı Kərim kişi isə lap hirslənər, nərd taxtadakı daşları lap bərkdən çırpardı.

''Bakal sözü haramdır, bakalda arağ içərlər. Bu türk necə müsəlmandır ki, arvadı başını bağlıyır özü isə arağı bakalla içir'', - Kərim dayı məhz buna görə hirslənərdi.

Kərim kişi molla idi. Həmişə bizə deyərdi ki, ''Əli şəhidliyin zirvəsidir...''.İbrahim əmi də düzəliş edərdi ''Şəhidlərin hamısı bir zirvədir...''.

Əli imam idi, biz hər il nənəmlə məscidə gedib onun üçün yasin oxudardıq. Hər il mənim qolumda qara parça olardı,o parça nə vaxt qırılıb düşsəydi arzularım yerinə yetəcəkdi.

Çox vaxt mən o parçanı özüm dişlərimlə didərdim ki,qırılsın və arzularım çin olsun. Amma heç nə olmurdu ki,olmurdu.

Bir dəfə İbrahim əmi həyətdə kişilərlə söhbət edərkən eşitdimki, Türk - müəllimdir.

Bakıda hansısa məktəbdə işləyir.

Uşaqlarıda o məktəbdə oxuyur.Onda bildimki, niyə mən o maşını səhərlər görmürəm.

Böyük oğlu birinci növbə, kiçik oğlu ikinci növbə, özü də həmin məktəbdə müəllim.

Tarix müəllimi.İbrahim əmi deyirdi ki, ''Buralarda türk dilində məktəb olmadığı üçün uşağlarını özü dərs dediyi məktəbə qoyub, qorxur ki uşağları burda qala-qala öz dillərini unutsunlar''.

Kərim dayı ''əstafurullah elə şey olar?Adam da ana dilini unudar?''

İbrahim əmi isə ''Sən anlamazsan, qoca. Get Bakıya gör bizimkilər necə rusca danışırlar'' demişdi.

Kərim kişi də cavab vermişdi ki, bəs onların qohumları Yasamalda ''Dağlı məhəlləsi''ndə qalırlar,onlar rusca danışmır, ''Karinnoy'' Bakılıdırlar.

İbrahim əmi yenə də etiraz etmişdi,'' ''Karinnoy'' bakılı yoxdu, heç ''karinnoy'' şəhərli də yoxdu. Hamının əsli kəndçidir.''.

Beləcə yenə də Kərim kişi ilə İbrahim əminin davası başlamışdı, biz də ayırmayacaqdıq.

Çünki blzlər o vaxtı tüfəng görmək istəyirdik.

Çünki televizorda həmişə toplu-tüfəngli Qarabağ savaşından əli silahlı əsgərlər yox, kostyum geyinmiş dayılar danışırdılar, babam da hirslənib kanalı dəyişərdi.

O biri ağsaqqallardan fərqli olaraq, babamın Türkdən xoşu gələrdi.

Türkün danışığını çox sevər və onu bir məmnunluqla dinlərdi. Bir gerçək də var ki, babam Türklə heç vaxt danışmayıb, ancaq İbrahim əmi ilə Türkün söhbətlərini dinləyib.

Başını aşağı-yuxarı yellətməklə gah ağlayıb, gah gülərdi babam.

Bilmirəm, niyə. Türk babamın onları dinləməyini görəndə başını evimizdəki divar saatının çömçəsi kimi yellədərdi.

Elə bilirdi ki, babam ''Şpionluq'' edir...Əmimin min bir əziyyətlə binanın damına çıxıb düzəltdiyi antena türk kanallarını göstərmədiyi üçün babam bir sonrakı pensiyasını alanda yenisini alacağına söz verdi.

Aldı da...

Və ondan sonra bir daha İbrahim əmi ilə Türkü dinləmədi.

Türkün uşaqlarını həyətdə tək tuta bilmirdik. Mən, Rasim, Taleh söz vermişdik ki döyəcəyik, özü də ''it balası'' kimi...

Fikirləşirdik ki, Novruzda tonqal ətrafına düşərlər, biz də onları bir təhər tək tutub döyərik. Amma bu da alınmadı.

Qapılarına papaq atıdığımızda qapını açıb papağı görüb təəccüblənmişdilər sonra da bağlamışdılar qapını.

Heç olmasa qapını açmışdılar, elə qonşularımız vardı ki, qapını belə açmazdılar, biz də hirslənib qapını təpikləyib qaçardıq.

İndi-indi anlayıram ki, niyə qapını açmırdı qonşularımız.

Nənəm deyərdi ki, '' Pikə xalagilə papağ atmayın. Yazıq arvad evdə əriylə tək qalır. Novruzda heç nə bişirmirlər''.'

'Bəs o biri qonşular ?'' deyəndə, nənəm cavab verərdi ki,''İmkansızlıqdan, bişirdikləri özlərinə güclə yetir, hələ bir papağa da bir şey qoysunlar?''.

O vaxtdan sevməzdim ''İmkansızlıq'' sözünü.

Bu söz hamımızın dostu olmağa başlamışdı və hələ də bizlə dostluq edir.

Babam bu sözü eşidəndə həmişə ağlayar, müharibə illərini xatırlayardı.

1 aprel günündə Taleh gombul qarnını tərpədə-tərpədə bizə gəlib dedi ki, ''Türkün oğlu çörək almaq üçün həyətə düşüb''.

İlk əvvəl inanmadıq, yəqin 1 aprel zarafatı edir. Amma babasının goruna and içəndən sonra hamımız qaçmağa başladıq. Binanın tinində dayanıb onu gözləyirdik.

Taleh demişdi ki,qaça-qaça gedib çörək almağa. Uşaq bilirdi ki onu döyəcəyik. Elə binanın tinindən qaçaraq keçirdi ki, onu səslədik. Bizi görüb daha da bərk qaçmağa başladı.

Amma faydası yox idi, çünki hər gün futbol oynayan bizlərdən bərk qaça bilməzdi.

On metr qaçmamışdı ki,tutduq onu.

Təpik, yumruq, nə gəldi döşəyirdik, hətta söyüş də. Qışqırığı yayıldı məhləyə qorxağın və gözlədiyimiz ''qəhrəman'' yetişdi hay-küyə...

İbrahim əmi. Aldı əlimizdən it oğlunu.Amma yaxşıca çırpmışdıq.

Uşağı evə apardıqdan sonra İbrahim əmi gəldi və başladı beynimizi xarab etməyə.''Siz səhv eləmisiz!

Onlar yaxşı insanlardır. Bura bizə kömək etməyə gəliblər''. Mən də dedim ki, onların köməkləri elə papaq atanda verdikləri sovqatlar qədərdir...

'Atasını güc-bəla ilə yola gətirdim ki, sizi polisə verməsin. Yoxsa üç yüz-dörd yüz alacaqdılar sizdən''.

İbrahim əmi bu döymək məsələsini hamımızın evinə bircə-bircə gedib danışmışdı.

Babam çox əsəbiləşmişdi.''Səhv iş görmüsən. Heç atana oxşamamısan. Atan Necip Fazılın ''Sakarya'' şeirini əzbərdən bilərdi.

Türklər bizlə qardaş millətdi, sən də qardaşını döymüsən''.

Mən elə o vaxtlar qardaşımı da döyərdim. Çünki futbolda uduzanda mənə acıq verirdi. Məndə dözmürdüm, döyürdüm.

Uşağı döydüyümüzdən bir həftə sonra Taleh yenə gombul qarnını tərpədə-tərpədə gəldi, dedi ki,' 'Türk həyətə bir QAZ 24-lə gəlib. Deyəsən şələ-külələrini yığıb gedirdilər. İbrahim əmi də onlara kömək edir.''

Elə bu sözləri deyəndə peşmançılıq hissi məni boğdu, tez yerimdən durub qaçmağa başladım. Çox peşman olmuşdum,gərək belə eləməyərdik.

Deyəsən ciddidən gedirdilər, yorğan-döşək, hamısını yığırdılar maşına.

Qaça-qaça gəlib İbiş əmini çağırdım, gözlərim dolmuşdu.

Bir çıqq eləsəydilər ağlayacaqdım.

''İbiş əmi niyə gedirlər? Yoxsa biz uşağını döymüşük ona görə? Allah haqqı peşman olmuşam. İstəsən gedib Türkdən üzr istəyərəm.Vallah peşman olmuşam''.

İbrahim əmi məni qucaqladı,deyəsən o da dolmuşdu.

''Yox, sənlik bir şey yoxdu. Onlar burdan birdəfəlik gedirlər.''

''Niyə? Nə olub ki? Mən uşaqları yığaram hamımız gəlib üzr istəyərik. Vallah peşman olmuşam''.

İbrahim əmi yenə məni qucaqladı

''Sizlik bir günah yoxdu. Tarix yalanı sevmir, o da tarixdən dərs dediyi üçün onu burda işləməyə qoymurlar, ona görə də gedir.''

''Kim? Bəlkə gedim həmin adama deyim, icazə versin. Türk də burda qalıb işləyər''.

''Yox.Onlar sözdən anlamazlar. Sən çox şeyləri bilmirsən, amma nə vaxtsa biləcəksən''

''Söznən anlamazlar yumruqla başa salarıq, əmimə də deyərəm o da başa salar.''

İndiyədək yadıma gəlir İbrahim əminin həmin dəqiqədəki gülüşü. Yazıq-yazıq, nəsə birtəhər gülmüşdü.

''Səni keçən səfər bir zibildən çıxartmışam,amma bu səfər gedib o adamları da döysən mən kömək edə bilməyəcəm'' deyib həmin yazıq gülüşlə gülmüşdü.

Artıq on birinci sinifdə oxuyuram ve indi-indi anlamağa başlayıram ki, Türk bizim həyətdən, ümumiyyətlə bizim ölkədən niyə getdi. Mən artıq çox şeyi anlayıram.

İbrahim əminin yazıq gülüşünü, Türkün məktəbdə dediyi dərsləri, babamın türkləri niyə sevdiyini, ''İmkansızlıq'' sözünün niyə bizlə dostlaşdığını...hər şeyi.

Amma ondan üzr istəmədim. İndi buna görə də peşmanam. Və heç vaxt ''Satılıktır'' sözünü unutmuram. Axı tək satılan arabalar olmur?..
XS
SM
MD
LG