Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 05:07

Fərid Hüseyn. Əsl (Hekayə)


Onunla söhbət etmək bilirsiniz niyə bu qədər ləzzət verirdi?

Çünki o heç kəsə danışa bilmədiklərini, ürəyində çoxdandır çək-çevir etdiklərini mənimlə bölüşürdü.

Dərd pul deyil ki, bölüşmək çətin ola...

Yaşına çox da uyğun gəlməyən sadəlövlüklə, başına gələnləri danışırdı.

Düzü, o qədər də yaraşıqsız deyildi, fəqət əlləri kobud, gözləri də qəribəydi.

Gözəl göz və əl sözlərindən yaranıb, deməli, qadının gözləri əlləri və nə qədər gözəldirsə, qadın da bir o qədər gözəldir.

Onu çox da təsvir etmək istəmirəm, gözümün qarşısına gələndə ürəyim döyünür.

Bircə onu deyə bilərəm ki, əgər bəzənib-düzənsə, özünə fikir versə, kifayət qədər gözəl olar, amma o, özünü ölümün qucağına buraxmağı çoxdan yəqinləşdirmişdi...

Yox, çoxdan deyəndə, siz onu yaşlı hesab eləməyin, hələ iyirmi bir yaşı var, məndən iki yaş böyükdür...

Onun taleyindən danışması, düzü, məni çox məmnun eləyirdi, diqqətlə qulaq asıb hər şeyi yadımda saxlamağa çalışırdım.

Çəkdiyi əzabların heç yüzdə birini sizə danışmayacağam.

Diləgəlməz, tükürpədici şeylərdi, istəmirəm hekayənin bu yerində üzünüzü kədər bürüsün.

Axı hər şeyi danışsam, sizin ona yazığınız gələcək, kiminsə ona rəhmi gəlməsindən, aşağılanmasından zəhləsi gedir.

Yazıqlıq böyük bədbəxtlikdi...

Qəribə bir utancaqlıqla danışırdı, özümü gicliyə vurub ona qulaq asırdım, guya dərdkeşlik eləməyə çalışırdım.

Gözlərim hiyləni yaman bacarırmış. O, mənə çox inanırdı çox...

Danışdıqları, həyat təcrübəm məni yanıltmırdısa, düz idi, çünki həqiqət hər halından bəlliydi və həmin həqiqət onun solğun üzünü işıqlandırırdı.

Üzünün xəstəhallığı hansısa bir qeyri-müəyyənlik də ərimişdi, ağladıqca özünə gəlirdi.

Gözəl görkəminə qarşı şəhvani duyğular məni ovsunlasa da, özümü ələ alıb ürəyimdə deyirdim ”tələsmə, oğlum, tələsmə”…

Bir qədər susdu, üzünün əvvəlki ifadəsi geri döndü, qucaqladı məni, heç kəs yox idi sahildə. Saata baxdı...

Bilirəm, marağındasınız ki, nə danışdı və mən onu niyə öpmədim, qucaqlamadım, sadəcə qulaq asdım. Nə isə...

Dediklərini danışıram sizə, amma vədimə xilaf çıxıram ha... Ona söz vermişdim ki, ikimizin arasında qalacaq.

Allah, bağışla məni, ürəyim dözmür danışacağam, həm də mən sizdən nələrisə gizlətmək istəmirəm.

Həm də onu əbədiyaşar eləmək istəyirəm bu hekayədə. O, əbədi yaşamalıdır, bilirsiniz niyə?

Çünki, yox, çünkisini indi demirəm, hələlik onunla etdiyim söhbəti sizə nəql edəcəyəm. Bir az səbirli olun...

- Artıq iki ildi ərimdən ayrılmışam, ailəm də buna görə imtina eləyib məndən, Bakıda kirayədə qalıram Əhmədlidə kafedə işləyirəm uşağım da yoxdur. Ərim həm alkaş, həm də əclafın biri idi... Vəssalam, əhvalatım bu qədərdi, gördünmü iki sətrə yerləşir bütün həyatım. Özümsə düşündüyün qədər də saf deyiləm, yəqin, başa düşürsən...

- Səni yeni tanımışam, səni tanıyanda keçmişin haqda heç nə bilmirdim. Baxmayaraq ki, insan keçmişindən qaça bilmir, hər şeyi unutmağa yenidən başlamağa hazıram.

- Üç yaşım olanda ölüb anam, atam başqa qadınla evlənib, məni əmim böyüdüb, sonrasa varlı bir manyakla evləndirib. Olanları məcburən qısa danışıram, danışarkən belə keçmişin gec keçməsi əzab verir mənə. Düzü, sənə çox inandım. Bakıda insanların sevgisi də elə bil neftə bulaşıb, çirkinləşib. Sevgi yatağa qədər çəkir, heç kəsə bel bağlamaq olmur. Hərdən üzümü tutub soruşuram bu şəhərdən, üç ildə mənə əzabdan özgə nə verdin? Susur... Susur... Susur.... “Çirkli su təmizi də bulanıq edər”. Mən səninlə bir-iki il bir yerdə yaşamaq istəyirəm, sonra ölüm ödəyər yerdə qalan arzularımı... Taylı tayın tapar, sən və mən, qəti...

Bir qədər susdum, dilimin bəlasna gələ bilərdim.

Qəribə bir hal hiss elədim onda, ağlayarkən yalnız sol gözündən yaş axırdı,

Ağlamaq çox yaraşırdı ona, çünki restoranda çoxlarının saxta gülüşü onun üçün anlaşılmaz əzabdan başqa bir şey deyildi. On dəqiqədən də artıq susduq.

- Kirayə qaldığım ailə də elə mənim kimi Allah yolunu azmış adamlardı. Ümumiyyətlə, müqəddəs olan çox şey mənim üçün adiləşib, cılızlaşıb. Anamın məni vaxtsız tərk etməsi, atamın taleyimlə maraqlanmaması, qohumlarımın üz çevirmələri, indiysə çörək kimi müqəddəs varlıqdan ötrü çıxmadığım oyun yoxdur. Ora bax, ora, gör nə qədər həyati haldır - erkək qağayı dişiylə cütləşdikdən sonra arxasına da baxmadan uçdu. Bütün kişilər də belədi “sevgi”ləri yatağa qədər çəkir. Qadın salfet kimi şeydir kişilərçün, bir dəfə işlədildimi, çox əzilir, çox...

- Hə... insan heç vaxt gözəlliyin qədrini bilmir, xalça gözəl olsa da, tapdalanır” bəlkə də, gözəllik ən böyük bədbəxtlikdi!

Sol gözü yaşardı. Darıxdım...

O, bir neçə dəfə xatırlatdı ki, aramızda olanları kimsəyə danışmayım, ancaq çoban, İsgəndərin buynuzu olduğunu tütəyində çaldığı kimi, mən də olanları sizə danışıram.

Allah məni əfv elə. Siz də hekayəni oxuyarkən AMİN deməyi unutmayın.

Nəysə, yuxarıda qeyd etmişdim ki, o, əbədi yaşamalıdır və mən onu niyə obrazlaşdırdım?!

Çünki onu çox adamlar həyatından çıxarmışdı, silmişdi, indi siz və mən onu yenidən həyata qaytardıq, siz onu hekayəni oxuyarkən xatırlayacaqsınız, mənsə heç vaxt unutmayacağam...

Heç bilirsiniz sağkən ölmək - unudulmaq nə ağır dərddir?!

Qız qalasına çıxdıq, lap üst mərtəbəyə qalxdıq, şəhər uzaqdan məsum görünürdü, eyibləri məsafə gizlətmişdi, Bakı körpə uşağa bənzəyirdi.

Cib dəsmalımızla saçımızı quruladıq, yamanca islanmışdıq.

- Bu qalaya niyə Qız qalası deyirlər, görəsən? Düzü, heç vaxt düşünməmişəm, sən bilirsən?

- Bilirəm, amma danışsam, yenə ağlamağa başlayacaqsan, bunu da mən istəmirəm. Başqa vaxt danışaram.

- Noolar, danış, indi istəyirəm. Danış, dərddən qorxmaq dərvişə yaraşmaz.

- Bir şərtlə, söz ver ki, ağlamayacaqsan.

- Vallah, ağlamayacağam, danış tez ol..

Soltanla Xəzərin əhvalatını nəql elədim. Onların ölümündən sonra Qız qalasındakı çıxıntıya Soltan burnu, dənizə Xəzər adının verilməsini, bir sözlə, əfsanəvi, nakam məhəbbəti danışdım. O, sözünün üstündə durmadı.

Qəfil mənə elə gəldi ki, o, özünü atmaq istəyir qaladan. Qucaqladı məni.

Boynuma sol tərəfdən iki damcı düşdü, həmin damcılar bədənimə süzüldükcə kədərinin mənə hopduğunu hiss edirdim. O, çox yazıq idi, çox yazıq...

- Qəribə ağlamağın var, yalnız sol gözündən yaş axır...

- Əslində mən ağlamıram, axtarıram..

- Necə yəni, axtarıram?

- İtirdiklərimi axtarıram, Əvvəla, ismətimi itirmişəm, ismətsə itəndə tapmaq olmur, hər axtaranda yoluna tapdanılmış qürurun çıxır və başlayır səni təhdid eləməyə.

Başını verən saçı üçün ağlamaz, amma mən bacarmıram, bacarmıram...

Sonra məndən bir qədər uzaqlaşdı, əlləriylə üzünü qapadı, sol ovucu su oldu... Köynəyinin qolları ilə gözünü sildi, gözlərinin üstünə vurduğu boya üzünə axmışdı.

O, özünü dərk eləmişdi bu gün. Qaladan enib dənizə tərəf getdik. Yağışlı hava olduğundan heç kəs yox idi sahildə.

- Öp məni, mən hələ həyatımda heç kəsdən bunu istəməmişəm.

- Bağışla, xəstəyəm, zökəməm, sənə yoluxdura bilərəm, yoxsa məmnuniyyətlə öpərdim.

- Yox, yalan demə, sən məndən iyrənirsən, istəmirsən restoranda işləyən...

- .......................

- Susma, heç olmasa, düzünü de, susanda daha ağır sözlər deyirsən, danış, kişi ol!

Yenə ağlamağa başladı, nəhayət, sağ gözündən də yaş axdı. Özünü də heyrət bürüdü.

Onun sağ gözü ilk dəfə idi ki, ağlayırdı, həm də elə sürətlə ağlayırdı ki, sanki, əvvəlki illərin də əvəzini çıxmağa çalışırdı.

- Ölmək istəyirəm, ölmək, amma qorxuram.. Qorxuram ki, deyilənlər düz çıxa, cənnət və cəhənnəm ola, mən cəhənnəmdən qorxuram...

Ölüm qorxusunu göz yaşları ilə ifadəsini ilk dəfə gördüm. İçimdə izaholunmaz qorxu baş qaldırdı, cəhənnəm gözlərimə görünməyə başladı...

Bu əzab o qədər ürəyimə hopdu ki, qulaqlarımda şeytanın gülüşü səsləndi.

Amma mən necə bildim ki, həmin səs məhz Şeytan Əfəndinin səsidir, bəs gözümün qarşısına gələn cəhənnəm səhnələri nə idi?

Bəlkə, qorxudan şeytan və cəhənnəmi başqalarından, mollalardan eşitdiyimdən indi sadəcə, beynimdə canlandırırdım.

Nəysə, həmin təsvirlərdən uzaqlaşmalıyam, amma siz hərdən özünüz üçün cəhənnəmi təsvir edin, çalışın sizin də öz cəhənnəminiz olsun, düşünmədən yaşamaq acizlikdir...

O, ölümü sevmirdi, amma həyat daha dözülməz idi. Xəstə atı sahibi sevdiyindən öldürür, istəmir əzab çəksin.

Öldürmək istədim onu, fəqət özümə rəhmim gəldi...

Həmin gecə onunla bir evdə qaldım... O, məndən və digər kişilərdən əvvəl taleyinə təslim olmuşdu, yəqin, mən nə birinci idim, nə də sonuncu.

İndi düşünə bilərsiniz ki, mən niyə onunla bu qədər yaxın oldum, yaxşı davrandım.

Çünki onunla ilk dəfə tanış olanda hələ indi də mənə tam anlaşılmayan uçurumlar görmüşdüm gözlərində.

Həmin uçurumların hündürlüyünü və oradan kimlərin düşdüyünü bilmək istədim...

Artıq iki gündən sonra mən kirayə qaldığım bu evdən köçürəm, daha biz qonşu olmayacağıq. Mən heç onu görmək fikrində də deyiləm.

Həyat hər şeyi ilə eyni olaraq qalır, onun həyatına girən növbəti adam - mən heç də qəribə adam sayılmamalıyam, çünki mən də başqaları kimi ona növbəti xəyanəti etmişəm.

Hekayədə natamamlıq duyulur, hiss eləyirəm hər şeyin sonuna varmaq ağılsızlıqdı.

Bir neçə məqamı deyə bilərəm ki, o xərçəng xəstəliyindən əziyyət çəkir, həkimlərin dediyinə inansaq, iki ilə qədər dünyanı tərk edəcək.

Həkimlərin dediyinə tam bel bağlamaq olmaz, Yaradanın hikməti əsasdı.

Mən də öz işlərimlə məşğulam, hamı kimi sonum bəlli deyil.

Hər şeyin sonu nə yaxşı ki, bəlli deyil, yoxsa təsəvvür edin ki, öləcəyiniz günü bilirsiniz, iki-üç həftə qabaqdan başlayardınız zır-zır ağlamağa, yaxud dünyanın dağılacağı günü bilsəydiniz, sizi cüzi incidən adamlardan qisas alardınız, naməlumluq, gözlənilməzlik, sonsuzluq çox gözəldi.

Həyatda hər şeyin sonunu gözləməyin, gözləmək ən əcaib sükunətdir.

Bir də, yəqin ki, onun adını bilmək istəyirsiniz eləmi?

Qovun içinizdən həmin maraq hissini, çünki onun adı nəinki sizin və mənim, daha onun özü üçün də əhəmiyyət kəsb etmir...
XS
SM
MD
LG