Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:58

Şəmşad. Şeirlər


***

sevgi məktubudu cığırlar,
- ayaq izlərindən oxunur...
torpağın ayağıdı ağaclar,
- yer başıaşağı dayandığından
uzanır səmanın boşluğuna...
cəhənnəm əzabıdı şeir -
hər gecə bir şair ilhamı
qovrulur, yanır içində...
zibil qutusudur həyat –
gündə neçə arzu, neçə ümid
neçə insan ömrü atılır ona...
və təkcə mən sevirəm zibil qutularını...

***

cənab general,
oxu, bu ünvansız məktubu,
dinlə, sənə göndərdiyim
bu yarımçıq nəğməni: ”bura vətəndi”...

və oxuduqca,
çevril sola,
dön sağa; salavat çevir
çiynindən asılan bəxt ulduzuna...

sonra döy iri addımlarını
yaralı sinəsinə
bu vətən dediyimiz torpağın -
(bu sənin işindi)...

öncə mən duydum,
mən tutdum,
düşmən qabağına
sazla çıxmağın
yalançı məntiqin
və sənə yolladım...

inan mənə!
yalanmış hər şey –
misri qılınc,
çənlibel,
qırat...
yalanmış koroğlu
üverturası,
kimsə uydurubmuş
kor alının qoşabulaq arzusunu...

onsuz da
çoxdan keçib bakirəliyindən
bu qız, bu yalqız Vətən...

eh, cənab general,
sən də...
səngər həyatından
bezmisən, bilirəm...
qayıt, dön, arxana bax.
arxa cəbhədədir
əsil müharibə...
və söykə avtomatını
şeirlərimin alnına,
sonra da sev bu torpağı...

***

yüz il sonra...
dəyişəcək yer üzü,
bir körpə doğulacaq
qanadı qırılacaq ümidlərin...

taxta çıxacaq
yer kürəsinin ən qəddar hökmdarı...
imarətlər qurulacaq,
qəsrlər ucaldılacaq
insan sümüklərindən...

bir şair doğulacaq...
dilini anlamadan,
sözündən asacaqlar onu –
uc-uca bağlayıb misralarını.

yarpağı düşəcək
söz ağacının...

bir tənqidçi yetişəcək,
bəxti açılacaq zibil qutusuna
atılan şeirlərin...

düz yüz il sonra,
ya sevəcək,
ya nifrət edəcəklər bizə.

yüz il sonra...


Günün tablosu


küçələri dənizə,
yolları intihara aparar,
insanları barış,
dilənçiləri savaş istəməz,
buludları yağmursuz, quşları köçəri,
adamları sevgisiz və nifrətsiz yaşar...
göyləri su çiləməz, tüpürər üzünə,
mərhəmət yağışı yağmaz bu şəhərə...

yaraları qaysaq bağlamış
qosqoca bir ağaca dönər,
xatırlamaz unutduqlarını-
addım-addım heykəlləşən bu şəhər...

şəndirlənmiş sifəti
ölüm sükutunu yazar taleyinə ,
üzünə çəkilmiş süni boyalar,
küçə qadınına bənzədər onu...

beləcə...
küçə qadını kimi
düşünməz həyatın sonunu...
sığınar tiranların ağuşuna,
qaçar inqilabların əlindən bu şəhər...
və bacardıqca qaçar, qaçar...
XS
SM
MD
LG