Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:53

ƏDALƏT ƏSGƏROĞLU. QƏRİB QUŞLAR MƏNİ NECƏ AĞLASIN?


-

Qərib quşlar köçün qara bağlasın,
Yükün tutsun yaman günə saxlasın.
Gəlib-getsin, öz dərdinə ağlasın,
Mənim dərdim ağlamalı dərd deyil.

Dərin düşmüş yara üstə köz qoyun,
Ahdan yanan sinə üstə buz qoyun.
Viran olmuş can evimə göz qoyun,
Gözsüz qalmış pəncərəsi qaralmış.

Gözsüz qalmış pəncərəsi qaralmış,
Yolsuz qalmış iydə günlər daralmış.
İynə boyda ümidini qar almış
Kökdən düşən qapısını yel döyür.

Kökdən düşən qapısını yel döyür,
Dil deyirəm, məndən betər dil deyir.
Düşdüyüm yer heç ölməli yer deyil,
Qan-qan deyir ağ qoyduğum varaqlar.

Qan-qan deyir ağ qoyduğum varaqlar,
İtkin düşüb haqdan gələn soraqlar.
Siz də deyin and içdiyim sabahlar,
Qərib quşlar məni necə ağlasın?

Qərib quşlar məni necə ağlasın?
Ağı deyib dağlarımı dağlasın. ...
Dağlar aşsın, uzaqları addasın,
Mənim dərdim ağlamalı dərd deyil.
XS
SM
MD
LG