Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:38

İltifat Saleh. Şeirlər


-

QAYIDA BİLMƏDİM

Arxamca çığıran bir səsə,
arxamca gələn bir haraya
qayıda bilmədim.
İllər girmişdi,
uzaq - uzaq yollar girmişdi
araya,
qayıda bilmədim.
Çox dedi, qayıt!
“Bu saat, bu an
sən geri qayıt!”
Qayıda bilmədim,
yollar uzaq idi,
yollar sazaq idi.
Çağıran qaldı arxada,
illərin o tayında,
səs də öz hayında.
hey səsləyir, səsləyir.
Kiminsə dönəcəyinə
ümid bəsləyir.
Çağıran qaldı arxada,
səsi yaylıq kimi
yellənirdi arxada.
Səsi bulaq kimi,
səsi göz yaşı kimi
sellənirdi arxada.
Qayıda bilmədim o səsə,
yellənirdi arxada.
“Bu saat, bu an
sən geri qayıt” harayına
qayıda bilmədim.
Qol - qola girmişdi illər,
baş - başa vermişdi zirvələr,
yaşın ağırlığı
girmişdi araya...


QIŞ DÜŞÜNCƏSİ

Təsəlli ola bilən gülüş kimi
çıxdı günəş,
işığını səpə - səpə.
Gözümüz işıq içə - içə,
günəşin soyuq təbəssümündən
ehtiyatla keçə - keçə,
dağ başında ağaran,
özünü günəşə verən
qışa tamaşa elədik.
Uzanmışdı üfüqdən - üfüqə
gərnəşirdi günəş işığında.
torpaq dincini alırdı
ondan aşağıda.
Zaman günəş təbəssümündən,
qarın parıltısı üstündən
ətrafı seyr edə - edə
öz yolu ilə gedirdi,
heç bir şeyi vecinə almadan...


BAXAN KİMDİ

Ürək, belə çığırma heç,
görən kimdi, baxan kimdi,
Bu işıqlı medalları
yaxana da taxan kimdi.

Ha zarı sən, ha zarı sən,
görəcəksən çox zoru sən,
özünü çirkdən qoru sən
ətək kimdi, yaxan kimdi.

Gəlirlər üstünə sənin,
baxırlar tüstünə sənin,
durublar qəsdinə sənin
çaqqal kimdi, xoxan kimdi.

Ürək, belə çığırma heç,
dərd adama gələndə güc,
bu dünyadan edəndə köç
göz yaşına baxan kimdi...


SÖZ ALDI

Ucalardan enməz idim,
məclislərdə dinməz idim,
yel vuranda sönməz idim,
söz aldı qoynuna məni.

Təmiz eşqim daha dərin,
əsiridir dərdi - sərin,
köks ötürdüm sərin - sərin
söz aldı qoynuna məni.

Dalğalanan bu həvəsim,
bu ömürdə dedim, bəsim!
Az qalırdı bata səsim,
söz aldı qoynuna məni.

Qərib idim bu mahalda,
üstüm, başım, eh, nə halda!
başım idi qeylü - qalda,
söz aldı qoynuna məni.

Az qalmışdı yolu azım,
özümə bir məzar qazım,
tükənirdi alın yazım,
söz aldı qoynuna məni...


YANIRAM

İndiki dəyirmançıların
unlu olmur üstü.
İndiki dəyirmançılar
xalqı elə üyüdür,
gözə görünmür üstü.
Üyüdülə - üyüdülə
xalqın səsi çıxmır,
boğulur öz içində.
Dəyirmanların görkəmi,
Dəyirmançıların vicdanı,
Hamısı bir biçimdə.
Bu dəyirmanları görə - görə
əlim bir yana çatmır,
yanıram öz içimdə...


BAHARDIR

Qış marığda durub,
hələ qaranquşlar gəlməyib,
ancaq bahardır.
Hələ arzularımız
çiçək açmayıb.
Yoxsulluq, dilənçilik
dərd əlindən baş götürüb
ilim -ilim qaçmayıb,
ancaq bahardır.
Yuxularımız çin olmayıb,
heç kim bilmir
neçin olmayıb,
ancaq bahardır.
Hələ dünyada
insan qanı axan torpaqla
qərənfillər bitir,
deyirlər bahardır.
Keçən günlərin
dilini bilən yox,
acından ölən çox,
Min cür oyunlara baxıb,
şirin - şirin gülən yox.
Əcnəbilər yatır kölgəmizdə,
axı, bahardır
günəşli ölkəmizdə!


NƏVƏMƏ

Bu gün bir nəvəm
Girdi on dörd yaşına.
Özü kimi pöhrələr
Yığışdılar başına.
Hələ bığ yeri tərləməyib,
Hələ qəlbində arzular
Çiçək-çiçək,
Üzü göyçək,
Pöhrələnir hələ ağac kimi.
İşıqla doldurdu qəlbimi.
Hələ nəğmə oxuyur,
Hələ çiçəktək qoxuyur,
Hələ kəpənək dalınca qaçır.
Hələ arzularına
Qapılar açır.
Sözləri işıqlı,
Üzü yaraşıqlı,
Nəvəm girdi on dörd yaşına.
Gərək duz çevirəm
Uşağın başına...


RAHAT UYU

Dəyişdi dünyasını dostum,
Bütün dərdini, sevincini,
Qayğılarını burda qoydu.
Bilmək olmur.
Dostum dünyadan
Bezdi, yoxsa doydu?
Ancaq onu bilirəm,
Bazarın tünlüyündən,
Yaşamağın bahalığından,
Qiymətlərin bürküsündən,
Qananların axsaq olmasından,
Vecsiz mübahisələrdən,
Səbr kasasının dolmasından
Qurtardı canı.
Daha bir də
Çəkişmələrdə
Nə ürəyini tutacaq,
Nə də dərdlər onu
Kabab kimi ütəcək.
Çətinlik fil kimi
Uzadıb xortumunu.
Qəbrin nurla dolsun,
Rahat yat,
Allah dərgahında, dostum!


SUALLAR

Su apara bilməyən
Kötüyə bənzəyir
Cavabsız qalan suallar.
Axarın qabağını tutur,
Şişir, qalxır sular.
Kötük kimisən, qardaş!
Nə səni atmaq olur,
Nə qəlbinə insaf dolur.
Neçə-neçə sual kimi
Boğazlarda tıxanıb qalmısan.
Bu xalqı, bu milləti
Çətin dərdə salmısan!
Əngəl olmusan
İşlərin axarına.
Çıxdın bu elin axırına!


KİMƏ GƏRƏKDİR

Həqiqəti üzə demək
İndi çətindir, bala!
Çığırıb-bağıranda
Deyirlər, qalıb dala.
Bunun heç xəbəri yox
İndi alış-verişdən.
Sonra tutub yaxasın,
Göz ağardıb, sakitcə
Deyirlər, çərənləmə!
Get yapış sənə aid
Olan sadə bir işdən.
Həqiqət üzə demək
İşıqdır, işıq, bala!
Ancaq kimə gərəkdir
Bu cür yaraşıq, bala?!
İşığı yada salmaq,
İşıqdan ilham almaq
İndi kimə gərəkdi?!
Köləlik zəncirini
Axı, çoxdan qırmışıq!
Bunu bilmək gərəkdir!
Bilməyənlər əzabla
Yaşayacaq həmişə.
Dərdləri qövr eləyər

Ürəyi şişə-şişə...


KİM OLACAQ?

Xəstəliyi sağaltmaqçın
Ümiddir dərman-həblər.
Hər dərmanı bir-birindən ayırır
Müəyyən hədlər.
Bu həb öskürəyi sağaldır,
Bu həb göz ağrısını.
Hələ sağaltmaqçın həbi yoxdur
Söz ağrısını.
Hələ rəzilliyi,
Hələ yalan danışmağı,
Hələ satqınlığı,
Hələ yaltaqlığı...
Sağaltmaqçın həb tapılmayıb.
Hələ belə cəsarətli kişi
Meydana atılmayıb.
Hikkəni də sağaltmaqçın
Həb yoxdur.
Cild-cild kitabı çıxsa da
Şair olmaq istəyəndə
Təb yoxdu.
Hələ azdır
Mehribanlığın istisi.
Hələ göz göynədir
Soyuq münasibətlərin
Acı tüstüsü.
Hələ tapılmayıb
Varlanmaq eşqini azaldan
Əlacsız əlac!
İnsanlar hələ
Dünya malına acdı, ac!
Kim tapacaq görəsən
Bu dərdlərə dərman?!
Kim olacaq bu dərdləri boğan?!
Kim olacaq belə bir LOĞMAN?!


GÖRMƏDİM

Dünya otel otağı.
İstədiyimiz kimi yaşayırıq,
İstədiyimiz kimi gəzirik.
Ağacını sındırırıq,
Çiçəyini əzirik.
İşimiz bir az çətinə düşəndə
Deyinirik, bezirik.
Bir-birimizə şər atırıq,
Aləmi bir-birinə qatırıq.
Bu otel otağını
Pis günə qoyuruq
Düşünmədən
Bizdən sonra gələni.
Bu otel otağında
Heç görmədim
Razı-razı güləni,
Razı olub gedəni.
KİMƏ GƏRƏK
- Bir də gəlsəydim dünyaya!-
deyənlər olur,
sinələrinə döyənlər olur.
Tutub beləsindən soruşasan:
- Bu ömürdə nə elədin ki ?!
Kimi sevindirdin
Bu ömürdə əməllərinlə?
Kimin kədərli qəlbinə
Məhəbbət səpdin
Natəmiz əllərinlə?
Hansı haraya çatdın?
Hansı narahatlıqla
Gecələr yerinə qor doldu,
Səksəkəli yatdın?
Yox, dostum,
Sən bir də dünyaya
Qayıtma!
Adamlar əziyyət çəkər
Natəmiz əməllərindən.
Ömürlərə zəhər qatma!


ÇALIŞDI

Susdurdular,
Rüşvətlə, yumruqla,
Hədəylə susdurdular.
Susdurdular həqiqəti
Coşub daşanda
Cilovsuz hiddəti.
Kor qaranlığın küncündə
Susdu.
Səsindən narahat olanlar
Gizli-gizli onu pusdu.
Ancaq öldürə bilmədilər
Qəlbindəki işığı.
Ölmədi, susmadı
Bu haqq aşiqi.
Gələcəyə deməkçin sözünü.
Çirkablardan,
Səfalətdən
Qorumağa çalışdı
Özünü...


Nəsihət

Poemadan parça

Uçurumdan qaytaran,
Qovğaları yatıran,
Hikkələri batıran
Nəsihətdir, nəsihət!

Əsrlərdən süzülən,
Alınlara yazılan,
Hikmətlərə düzülən
Nəsihətdir, nəsihət!

Nəsillərə yadigar,
İşığında hikmət var,
Xəzinətək açılar…
Nəsihətdir, nəsihət!

Suyu duruldan, süzən,
fikri ələyən, düzən,
Eşqi ürəklər gəzən
Nəsihətdir, nəsihət!

Babamın söz gövhəri,
Elin ağıl cövhəri,
Unutduran qəhəri
Nəsihətdir, nəsihət!
Allahın təmbehi də,
Dağın sərin mehi də,
Çəmənlərin şehi də
Nəsihətdir, nəsihət!

Uçan quşların səsi,
Şəlalənin nəğməsi,
Ağacların pöhrəsi
Nəsihətdir, nəsihət!

Cilid-cilid kitablar,
Ürəkdə olan tablar,
Neçə daş kitabələr
Nəsihətdir, nəsihət!

"Gecə", "Gündüz" kəlməsi,
Ərşin, fərşin ilməsi,
Günəşin də gülməsi
Nəsihətdir, nəsihət!

Kəhkəşan düzüm-düzüm,
Dildə, dodaqda sözüm,
Tarixlərdəki izim
Nəsihətdir, nəsihət!

Quranın hər kəlməsi,
Peyğəmbərlər gəlməsi,
Hikmətlərin ilməsi
Nəsihətdir, nəsihət!

Qobustanda qayalar,
Üzdə olan həyalar,
Holavarlar, halaylar
Nəsihətdir, nəsihət!

Buludların avazı,
Orxonlardakı yazı,
Ömrə yazılan yazı
Nəsihətdir, nəsihət!

Göylərin gurultusu,
Vulkanın nəriltisi,
Coşan küləyin səsi
Nəsihətdir, nəsihət!

İşığa bax, ay qağa,
Gülünc gəlir uşağa,
Baxın, baxın işığa
Nəsihətdir, nəsihət!

Hər şey yerli-yerində,
Həm üzdə, həm dərində,
Ulduzun gözlərində,
Allahın sözlərində
Nəsihətdir, nəsihət!
Nəsihətdir, nəsihət!

Aprel 2010


"Azərbaycan" jurnalı
XS
SM
MD
LG