Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:43

'Ukraynada, Qarabağda, Qəzzada... baş verənlər bir mənzərənin tərkibidir'-Ekspert


İsrailin Qəzza şəhərindəki Sousi məscidinə hava hücumundan sonra fələstinlilər ərazini boşaldırlar.
İsrailin Qəzza şəhərindəki Sousi məscidinə hava hücumundan sonra fələstinlilər ərazini boşaldırlar.

Oktyabrın 7-də "Həmas"ın hücumu ilə yenidən qızışan İsrail-Fələstin münaqişəsi davam edir. Artıq hər iki tərəfdən yüzlərcə həlak olan var.

Dünyanın bir çox dövlətləri münaqişəni pisləyib, bəziləri İsrailin, bəziləri isə Fələstinin tərəfini tutub. Azərbaycan Xarici İşlər Nazirliyi də, öz növbəsində, İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pislədiyini açıqlayıb. Bu ölkənin Təl-Əvivdəki səfiri Muxtar Məmmədov isə konkret "Həmas"ı günahlandırıb. "Dinc əhaliyə qarşı raket hücumlarını və terroru pisləyirəm... Bütün suveren dövlətlər kimi, İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var", - səfir X sosial şəbəkəsindəki hesabında yazıb.

Z.Oruc
Z.Oruc

"İsrail qisasını İrandan çıxmağı qət edərsə..."

Milli Məclisin deputatı Zahid Oruc "Turan"a bildirib ki, dörd gün əvvəl başlanan, getdikcə genişlənən və daha çox dövlətlərin qoşulma ehtimalının olduğu bu proses nəinki Cənubi Qafqazda, bütün dünyada sülhə təsir göstərə bilər: "Bu müharibə yeni deyil, orada qalıcı sülhü təmin etmək mümkün olmayıb. Bizim timsalımızda baxanda 90-cı illərin əvvəlində SSRİ-nin dağılması ilə Qafqazda alovlanan münaqişələr eynilə Yaxın Şərqlə müəyyən bir paralellik qazandı. Burada iştirak edən beynəlxalq güclər, demək olar ki, eynidir".

Deputat hesab edir ki, həmin beynəlxalq aktorların arasında öz ədaləti, balanslığı ilə seçilən məhz Azərbaycanın mövqeyidir: "Bizim ötən il İsraildə səfirliyimizin açılması, o cümlədən Fələstində daimi nümayəndəliyin fəaliyyət göstərməsi eyni gündə gerçəkləşdi. Bu, bizim diplomatik addımlarımızın nə qədər düzgün olmasının bir göstəricisidir. Biz məhz beynəlxalq hüquq məsələsinə önəm veririk".

Z.Orucun fikrincə, prosesi planlayan, onu hibrid formada həyata keçirən xarici güclərdir: "Hadisələr məhz o zaman həyata keçirilib ki, İsraildə beynəlxalq festival olub. Digər tərəfdən, hücumların taktikası, şəhər müharibəsi və silahların modeli da bunu sübut edir. Bu barıt çəlləyi daha geniş arealda partlayarsa və İsrail qisasını İrandan çıxmağı qət edərsə, bu, qarşısıalınmaz proseslərə yol açacaq".

"İsrail ilə Azərbaycan təbii müttəfiqdir"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, Azərbaycan məsələyə Türkiyədən fərqlənən münasibət bildirməyib: "Aşağı-yuxarı identik bəyanatlar verildi. Hər iki ölkə rəsmi şəkildə iki tərəfi danışıqlara dəvət etdiyini bəyan etdilər. Bu, neytral mövqedir, çünki açıq şəkildə nə İsrailə, nə də Fələstinə dəstək verildi".

A.Qasımlı
A.Qasımlı

Ekspertin fikrincə, bəyanatdan açıq şəkildə görünür ki, Azərbaycan bu proseslərdə daha çox kənarda durmağa çalışır: "Ölkəmiz də əsas geosiyasi oyunçu deyil. Azərbaycanın burada hansısa açıq mövqe sərgiləməsinə ehtiyac yoxdur. Onsuz da qapalı kommunikasiyalarda İsrailə dəstək verirlər. Bu dəstəyin verilməsinin səbəbi də odur ki, İsrail ilə Azərbaycan bu bölgədə təbii müttəfiqdir. Amma eyni zamanda Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür və ona görə də ərəb ölkələri ilə münasibətləri korlamaq istəmir".

"İsrail-Səudiyyə münasibətlərini yaxşılaşdırmağa çalışırdılar"

A.Qasımlı düşünür ki, istər Ukraynada gedən müharibə, istər Qarabağdakı sülhməramlılar problemi, istərsə də İsrail-Fələstin gərginləşməsi ümumi bir mənzərənin tərkib hissəsidir: "Avrasiya məkanında çox ciddi bir proses gedir və burada böyük oyunçular var. Onlardan biri Rusiyadır, hansı ki bütün nəqliyyat dəhlizlərini tam öz nəzarətinə almaq istəyir... Rusiya ilə İranı kənarda qoymaq üçün alternativ dəhlizlərin çəkilməsi isə ABŞ və digər Qərb dövlətlərin marağındadır. İsrail ilə Səudiyyə Ərəbistanın da münasibətlərini yaxşılaşdırmağa çalışırdılar. Əlbəttə ki, Rusiyaya və İrana bütün bunları pozmaq lazım idi. Hazırda Yaxın Şərqdə baş verənlərdə maraqlı olan bu iki ölkədir".

Yazıda səslənən fikirlərə Rusiya və İranın Azərbaycandakı səfirliklərindən münasibət almaq mümkün olmayıb. Amma hər iki ölkənin rəsmiləri "Həmas"ı dəstəkləmələri ilə bağlı iddiaları təkzib edirlər. İran rəsmiləri vurğulayırlar ki, belə fikirlər İsrailin məğlubiyyətinə haqq qazandırmaq məqsədi daşıyır.

Xatırlatma

İsrail-Fələstin münaqişəsinin tarixi ötən əsrin ortalarına gedir. 1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi. Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxdı. Nəticədə tərəflər arasında münaqişə yarandı.

Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar. Fələstin isə hazırda BMT-də müşahidəçi statusuna malikdir.

Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir.

XS
SM
MD
LG