Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:01

Mirzə Ələkbər Sabir. Uşaqlara















Ey millətin ümmidi, dilü canı, uşaqlar!

Validlərinin sevgili cananı, uşaqlar!



Madərləriniz etdi sizə mehrü məhəbbət,

Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət,

Validləriniz xərcinizə etdi kəfalət,

Əlminnətü-lillah, sizə yar oldu səadət,

Olduz hərəniz bir evin oğlanı, uşaqlar!

Asudə gəzin indi bu dünyanı, uşaqlar!



Siz sərv kimi sərkəş olub boylə boy atdız,

İllik beçə tək banlayaraq xalqı oyatdız,

Şad oldu pədər, madəriniz -- bu boya çatdız,

Bəsdir sizə gəhvareyi-naz içrə ki, yatdız,

İndi buraxın balışı, yorğanı, uşaqlar!

Həm tərk eləyin xaneyi-viranı, uşaqlar!



Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz,

Hərcayi gəzib, hər yeri seyran edəsiz siz,

Cəngü cədəlü qarətü talan edəsiz siz,

Hər cildə girib aləmi viran edəsiz siz,

Gündə atasız bir neçə patranı, uşaqlar!

Та öyrənəsiz şiveyi-dəvanı, uşaqlar!



Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə,

Təlim alasız hər nə ki, aləmdə betərsə,

Xeyri buraxıb əxz edəsiz hər nə zərərsə,

Mail olasız hər işə kim, fıtnəsə, şərsə,

Adət qılasız hərzəvü hədyanı, uşaqlar!

Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar!



Vəqt oldu vurab yıxmağa müştaq olasız siz,

Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz,

Həm validə, həm validəyə ağ olasız siz,

Dincəlməyələr ta nə qədər sağ olasız siz,

Hər gün döyəsiz madəri-nalanı, uşaqlar!

Ta uf deməyə qalmaya imkanı, uşaqlar!



Hər istədiyin olmasa hasil pədərindən,--

Vur, yıx, cala ta qorxuya düşsün zərərindən,

Söy ağzına cürətlə, çəkinmə hünərindən,

Biçarə xilas olmaq üçün şurü şərindən,

Çıxsın canı, satsın qabı, qazanı, uşaqlar!

Neylər dəxi ol sərvətü samanı, uşaqlar!



Bəsdir ki, oğul sahibi düşkün pədər oldu,

Xeyr oldu əcəb aqibəti, bəxtəvər oldü,

Göz nuru hesab eylədiyi dərdi-sər oldu,

Zəhmətlə əmək verdiyi cümlə hədər oldu;

Nə ölmədi, ta kim, qutara canı, uşaqlar!

Nə tapmadı öz dərdinə dərmanı, uşaqlar!
XS
SM
MD
LG