Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:44

Nizami Gəncəvi. Leyli və Məcnun (10)


əvvəli

ŞİKAYƏTİN ÜZRÜ


Mən, mən olan gündən, şahiddir aləm,
Bir qarışqanı da incitməmişəm.
Dürrümü çəkmədim özgə suyuna61,
Pislik yaratmadım, düşmənəm buna.
Təmizdir vicdanım, ucadır adım,
Itin də haqqında pis danışmadım.
Şir kimi qızdırsa məni köpəklər,
"Eyb etməz" deyərəm, basılmaz hünər.
Yaxşıydı hirsimi gizləsəydim mən,
Bu dediklərimi deməsəydim mən.
Lakin, ariflərin zəndinə bax bir,
Dilsizlik, dünyada qeyrətsizlikdir.
Bir insan şəhərdən olsa xəbərdar,
Bilər ki, hardandır bizim mətahlar.
Kim ki, mənə qarşı bir əl qaldırar,
Onun məndən başqa düşməni də var.
Ey könül! Bu kəskin sözlərdən əl çək,
Qəm piyaləsini öz başına çək!
Gül kimi, köçməyin təblini vur sən,
Kim qoparsa səni, öp əllərindən.
Qanını çörəynə yavanlıq elə,
Papağı dik saxla, baş getsə belə.
Zülmə döz, incitmə heç də özgəni,
Ellər qəm çəkincə, dərd alsın səni.

davamı
XS
SM
MD
LG