Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Həbsdəki alimin prokurorla mübahisəsində durumu pisləşdiyindən məhkəmə dayandırıldı


Fazil Qasımov
Fazil Qasımov

İstanbul Universitetinin doktorantı, ötən ilin avqustundan həbsdə olan Fazil Qasımovun 165 gündür aclıq aksiyasını davam etdirdiyi bildirilir. Dekabrın 5-dəki məhkəmədə onun durumu pisləşib. Bu üzdən hakim məhkəmə iclasını dayandırmalı olub. Bütün bunlar Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.

Uzunmüddətli aclıqdan kəskin arıqladığı aşkar görünən, yeriməkdə çətinlik çəkən, başqalarının yardımıyla hərəkət edən F.Qasımovun durumu prokurorla mübahisə zamanı pisləşib. Prokuror məhkəmədə ittiham aktını açıqlamaq istəyib.

Dövlət ittihamçısı Fuad Musayev çıxışa başlarkən, təqsirləndirilən alim deyib ki, vəsatətləri var, öncə onlara baxılmalıdır. Ancaq prokuror ittiham aktının elanını davam etdirəndə, F.Qasımov buna etirazını bildirib.

"İttihamın elanından sonra..."

"Siz neçə prosesdir vəsatətlər qaldırırsınız. Mən ittiham aktını elan edə bilmirəm. İttihamın elanından sonra vəsatətlərinizi verərsiniz", - dövlət ittihamçısı ona belə reaksiya verib.

F.Qasımov razılaşmayaraq bildirib ki, vəsatətlər vermək onun hüququdur, məhkəmə də onlara baxmalıdır. Beləcə, tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı F.Qasımovun vəziyyəti pisləşib.

Məhkəmə prosesinə sədrlik edən hakim Mahirə Kərimova məcbur qalaraq F.Qasımova yardım göstərilməsi üçün məhkəməyə ara verməli olub.

Məhkəmə iclası dekabrın 12-də davam edəcək.

Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, F.Qasımov beş ay yarımdır aclığını sürdürür və yalnız maye qəbul edir: "Ölməmək üçün balla suyun qarışığını da ona verirlər. Orqanizm nə qədər tab gətirəcək, bilmirik. Vəziyyəti çox pisdir. Gözlə də görünür...".

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Xatırlatma

F.Qasımov Azərbaycan Demokratiya və Rifah Partiyasının keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu ilə əlbirlikdə suçlanaraq həbs olunub. Ona Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələri ilə ittiham verilsə də, o, bu ittihamların heç birini qəbul etmir, cinayət işində yazılanların yalan olduğunu deyir.

F.Qasımov ötən il avqustun 8-də İstanbulda saxlanılaraq Bakıya gətirilib.

Q.İbadoğlu isə ondan 15 gün öncə - iyulun 23-də saxta pul ittihamı ilə saxlanılmış, istintaqın gedişində ona da dini ekstremist materiallarla bağlı yeni ittiham verilmişdi. Aprelin 22-də ev dustaqlığına buraxılan Q.İbadoğlu haqqında daha sonra polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Onunla bağlı cinayət işi isə ümumi işdən ayrılıb.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

F.Qasımov və Q.İbadoğluya ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG