Dekabrın 3-də Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Prezidentlər Suriyanın şimalındakı münaqişənin nizamlanması üçün diplomatiyanın zərurətini vurğulayıblar.
Ərdoğanın ofisinin yaydığı bilgiyə görə, Suriya daha böyük qeyri-sabitliyin qaynağına çevrilməməlidir.
"Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləsə də, bu ölkədə ədalətli və davamlı çözümə can atır", - Türkiyə prezidentinin ofisi X sosial şəbəkəsindəki paylaşımında belə deyib.
Bildirilib ki, regionda diplomatiyaya daha böyük imkanlar açılmalıdır və Suriya rejimi prosesin siyasi nizamlanmasına qatılmalıdır.
Ərdoğan Türkiyə və Birləşmiş Ştatlarda terrorçu təşkilat kimi tanınan Kürd Fəhlə Partiyası (PKK) və onun Suriyadakı son hadisələrdən yararlanmaq istəyən ardıcıllarıyla mübarizədə qətiyyətli mövqeyini qoruyacağını deyib.
"Təcavüz dərhal dayandırılmalıdır"
Telefon danışığı ötən həftə Hələb şəhərini ələ keçirib hökumət qüvvələrinə qarşı vuruşan qiyamçıların irəliləyişi fonunda baş tutub. Suriya İnsan Haqları Monitorinq Mərkəzinin bilgisinə görə, qiyamçılar dekabrın 3-də Həma şəhərinin də çevrələrinə çox yaxınlaşıblar.
Bildirilib ki, qiyamçıların şimaldakı irəliləyişi nəticəsində 104-ü mülki şəxs, toplam 602 nəfər həlak olub.
Həmaya hücum qiyamçıların dirçələn hərəkatına qarşı mübarizədə Rusiya və İranın dəstəklədiyi Əsədə basqıyı artıracaq. Şəhər 2011-ci ildə vətəndaş müharibəsi başlanandan bəri hökumət qüvvələrinin nəzarətindədir.
Kremlin bilgisinə görə, Putin "Suriya dövlətinə radikal qruplaşmaların terrorçu təcavüzünün dərhal dayandırılması" zərurətini qeyd edib. Tərəflər İran, Türkiyə və Rusiyanın bu məsələdə sıx əlaqəli fəaliyyətinin önəmini vurğulayıblar.
Qiyamçıların hücumu Suriyadakı uzun müddət dondurulmuş olan vətəndaş müharibəsini yenidən canlandırıb.
Ötən həftə "Həyat Təhrir əş-Şam" (HTŞ) və müttəfiqləri Hələbin və onun ətrafındakı ərazilərin böyük bölümünü zəbt edib. Bu, son illərin ən iri hücumudur.
Qruplaşma Suriyada şəriət qanunlarıyla yönəldiləcək dövlət qurmaq istəyir. ABŞ kəşfiyyatının bilgilərinə görə, qruplaşmanın 5-10 min üzvü var.
Münaqişə Moskva və Tehranı hücumu dəstəkləyən Türkiyə ilə qarşı-qarşıya qoyub.
İranın xarici işlər naziri Abbas Əraqçı rəsmi Dəməşqin müraciəti əsasında ölkəsinin Suriyaya ordu birləşmələri göndərə biləcəyini bildirib.
İraq baş naziri Məhəmməd Şiə əl-Sudani ölkəsinin Suriyadakı hadisələri kənardan izləməyəcəyini söyləyib və qiyamçıların irəliləyişində Suriyaya zərbələr endirən İsraili ittiham edib.
Buna da bax: Suriyada geniş əraziləri ələ keçirən silahlılar kimlərdir?