ABŞ-də prezident seçilmiş Donald Tramp Rusiya və İranın zəif durumda olduğunu deyib və Vladimir Putini Ukraynada, az qala, üç ildir sürən savaşı dayandırmağa çağırıb.
Trampın sözləri Dəməşqi ələ keçirən Suriya qiyamçılarının həm də Əsəd ailəsinin ölkədəki yarıməsrlik hökmranlığına son qoyduğu günə təsadüf edib.
Ağ evin gələcək sahibi dekabrın 8-də deyib ki, Rusiya Ukraynadakı savaşa və problemli iqtisadiyyatına, İran da İsrail və onun hərbi uğurlarına görə zəif durumda olduğundan suriyalı diktatorun yardımına gələ bilmir.
Tramp 2022-ci ilin fevralından bəri Rusiyanın 600 minədək, ərazisini qoruyan Ukraynanınsa 400 minədək hərbçisini itirdiyini də söyləyib.
"Savaş dərhal dayandırılmalı və danışıqlar başlanmalıdır", –deyən Tramp əlavə edib: "Vladimiri yaxşı tanıyıram. İndi o tərpənməlidir. Çin də kömək edə bilər. Dünya gözləyir".
Kreml Trampın şərhinə hələ cavab verməyib.
Parisdə görüş və müzakirələr olub
Trampın fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski "sülh saziş bağlamaq istərdi". O, dekabrın 7-də Fransa prezidenti Emmanuel Makron və Zelenskiylə Parisdə Ukrayna savaşını müzakirə edib. Zelenski üçtərəfli danışıqları "yaxşı və səmərəli" adlandıraraq deyib ki, liderlər "ədalətli sülh" imkanlarını dartışıblar.
Tramp və Zelenski başqa dünya liderləriylə birgə Notr-Dam kilsəsinin yenidən açılış mərasiminə qatılmaq üçün Parisdə toplaşıblar.
"İnsanlarımız, savaş meydanındakı durum və Ukrayna üçün ədalətli sülh barədə danışdıq. Hamımız bu müharibənin mümkün qədər tez və ədalətli bitməsini arzulayırıq", - sosial şəbəkə paylaşımında bu sözləri dilə gətirən Zelenski "qətiyyətli" mövqeyinə görə prezident Trampa təşəkkürünü bildirib.
Makron tərəfləri sülh və güvənlik naminə səylərini davam etdirməyə çağırıb.
Yanvarın 20-də yetkilərini gerçəkləşdirməyə başlayacaq Tramp indiki administrasiyanın savaş başlanandan bəri Ukraynaya onlarla milyard dollar ayırmasını tənqid edib.
Savaşın tez zamanda bitməsi suallı qalır
Prezident olarsa, savaşı 24 saata bitirə biləcəyini söyləyən Trampın sözləri Ukraynanın işğal altındakı ərazilərini güzəştə getməli olması kimi yozulub.
Ekspertlərin fikrincə, bir çox səbəb savaşı tez bitirməyi çətinləşdirəcək. Bunların arasında Ukraynaya güvənlik zəmanəti verilməsini və Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını qeyd etmək olar.
Bu arada, Ağ evi tərk edəcək Bayden administrasiyası Ukraynanın müdafiəsini gücləndirmək üçün bu ölkəyə silah tədarükünü artırıb.
Dekabrın 7-də rəsmi Vaşınqton deyib ki, 988 milyon dollarlıq növbəti sursat və hərbi avadanlıqdan ibarət yardım paketini hazırlayır. Sözügedən vəsait "Ukraynanın güvənliyinin təmin edilməsi Təşəbbüsü" ilə bağlı yerdəqalan 2.21 milyard dollardan götürüləcək.
Pentaqonun bilgisinə görə, vəsait HIMARS raket sistemləri və dronların alınmasına xərclənəcək.
Tramp administrasiyasının Kiyevə yardımı dayandıracağına dair bilgilər çoxaldıqca, Avropa ölkələri öz dəstəyini artırır.
Zelenski dekabrın 7-də bildirib ki, Ukrayna Danimarkadan müasir "F-16" döyüş təyyarələrinin ikinci bölümünü alıb. Ötən il rəsmi Kopenhagen Ukraynanı toplam 19 təyyarə ilə təmin edəcəyini bildirmişdi.